“AtaBank” ASC-nin səhmləri hüquqi şəxs olan “Synergy Group” MMC-yə (86%) və fiziki şəxslərə (14%) məxsusdur.
Səhmdarların hüquqları
Bankın səhmdarlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü maddəsində, digər qanunvericilikdə və Bankın nizamnaməsində nəzərdə tutulmuş aşağıdakı hüquqları vardır:
- Bankın idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (imtiyazlı səhm sahibləri istisna olmaqla);
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Bankın səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
- Bankın səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- Bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Bankın xalis mənfəətindən dividend almaq;
- Bankın fəaliyyətinə xitam verildikdə, Bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Mülki Məcəllə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.